İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ Rayon Təşkilatının təşkilatçılığı ilə Prezident, YAP-ın Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Tədbir “Xocahəsən yolu 1” ünvanında yerləşən “Sədərək” Ticarət Mərkəzinin ərazi partiya təşkilatının “Zəfər” zalında baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni açan YAP veteranı, “Sədərək” Ticarət Mərkəzinin direktoru Vaqif Hüseynli partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O, Azərbaycanın qazandığı tarixi Zəfərin qorunması, hərbi qüdrətin artırılması, milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunub. Eyni zamanda, müasir dövrdə ideoloji fəaliyyətin yenilənməsi və informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi üçün ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclər və qadınlarla işin gücləndirilməsinin önəmini diqqətə çatdırıb.
İlqar İlyasov, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği, informasiya mübarizəsində fəallığın artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi partiya üzvlərinin qarşısında duran əsas vəzifələrdəndir.
Təşkilat sədri “Sədərək” Ticarət Mərkəzində çalışan partiya üzvlərinin fəallığını xüsusi qeyd edərək onlara təşəkkürünü bildirib. O, ərazi partiya təşkilatının bundan sonra da Qaradağ rayonunun ictimai-siyasi həyatında və VIII Qurultayın qərarlarının icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP fəalı və partiyanın VIII Qurultayının nümayəndəsi Mikayıl Qədimov qurultayın ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. O, əldə olunmuş tarixi nailiyyətlərin qorunmasının, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, milli maraqların müdafiəsinin, informasiya təhlükəsizliyinin təmin edilməsinin və milli dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb.
YAP Qaradağ Rayon Təşkilatının “Xocahəsən yolu 1” ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini Sabir Ələkbərov isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. O, güclü ordunun yaradılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi, informasiya və ideoloji təhlükəsizliyin təmin edilməsinin dövlətin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Sabir Ələkbərov “Sədərək” Ticarət Mərkəzinin YAP Qaradağ Rayon Təşkilatının fəal ərazi təşkilatlarından biri olduğunu bildirib. O, Vətən müharibəsi dövründə ticarət mərkəzində çalışan iş adamlarının dövlətin ətrafında sıx birləşərək qələbənin əldə olunmasına öz töhfələrini vermək üçün səylərini əsirgəmədiklərini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən YAP fəalı, “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim də VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın nailiyyətlərinin davamlı olması üçün dövlətin gücünün artırılmasının, cəmiyyətdə birliyin qorunmasının və milli maraqların müdafiəsinin vacibliyini vurğulayıb. Həmçinin vətəndaş məsuliyyətinin, düzgün məlumatlandırmanın və milli dəyərlərə bağlılığın inkişaf etmiş cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib.
Səmimi söhbət şəraitində davam edən müşavirədə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşıda duran vəzifələr, onların həyata keçirilməsində partiya üzvlərinin rolu, eləcə də rayon təşkilatı ilə ərazi partiya təşkilatı arasında birgə fəaliyyətin istiqamətləri müzakirə olunub.

