Rüşvət qarşılığında saxta tibbi sənədlər verən həkimlərin işi məhkəməyə göndərildi
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, saxta tibbi sənədlər hazırlayaraq vətəndaşların müavinət almasına şərait yaratmaqda ittiham olunan iki həkimlə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Araşdırmalar zamanı “Seymur-M” MMC-nin təsisçisi və direktoru, şirkətə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli poliklinikanın keçmiş sahə həkimi Səmayə Əşrəfovanın qanunsuz əməllərinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2017-2024-cü illərdə müxtəlif şəxslərdən pul alaraq onları lazımi tibbi müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədlərlə təmin ediblər. Həmin sənədlər əsasında vətəndaşlara müavinətlərin ödənilməsi təşkil olunub.
Rüstəm Mikayılovun rüşvət yolu ilə əldə etdiyi vəsaitlərin leqallaşdırılması ilə bağlı da araşdırma aparılıb.
Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova bir neçə maddə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və qabaqcadan əlbir olan qrup halında rüşvət alma və vəzifə saxtakarlığı ilə bağlı ittihamlar irəli sürülüb.
Səmayə Əşrəfova da vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və qrup halında rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunub.
Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub. “Seymur-M” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı ayrıca icraat başlanıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə digər şəxslərin də əməlləri araşdırılır. Onlarla bağlı materiallar ayrıca icraata ayrılıb və istintaq davam etdirilir.
