Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp Türkiyədə istifadəçilər üçün yeni ödənişli abunə modelini təqdim edib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, yeni premium paket aylıq 41,99 TL dəyərindədir və istifadəçilərə əlavə fərdiləşdirmə imkanları təqdim edir. Abunəçilər tətbiqin ikonası və mövzusunu dəyişmək, eksklüziv animasiyalı stikerlərdən istifadə etmək, sancaqlanmış söhbətlərin sayını 20-yə qədər artırmaq və müxtəlif kontaktlar üçün fərqli bildiriş səsləri təyin etmək imkanına sahib olurlar.
Bundan əlavə, premium istifadəçilərə söhbət siyahılarını istədikləri kimi kateqoriyalara ayırmaq və daha rahat şəkildə təşkil etmək imkanı da yaradılır.
Məlumata əsasən, şirkət yeni xidmət üçün 30 günlük pulsuz sınaq müddəti də təqdim edir. İstifadəçilər bu müddət ərzində bütün premium funksiyalardan ödənişsiz yararlana biləcək, daha sonra isə istəsələr abunəliyi davam etdirə və ya ləğv edə biləcəklər.
Bildirilir ki, yeni model tətbiqin əsas funksiyalarına təsir etmir və WhatsApp platformasının pulsuz istifadəsi əvvəlki qaydada davam edir.
WhatsApp Türkiyədə yeni ödənişli abunə modelini istifadəyə verdi
Şərh edilməmiş
