Fransada müşahidə olunan kəskin istilər faciəvi nəticələrə səbəb olub. İLKİNxeber.az informasiya agentliyinin Franceinfo-ya istinadən verdiyi məlumata görə, son günlər ölkənin müxtəlif bölgələrində 13 nəfər suda boğularaq həyatını itirib.
Məlumatı Fransa Mülki Müdafiə Xidmətinin nümayəndəsi Jerom Bulanj açıqlayıb. Onun sözlərinə görə, iyunun 20-si axşam saatlarından etibarən qeydə alınan boğulma halları nəticəsində 13 nəfər ölüb.
Bulanj bildirib ki, havaların həddindən artıq isti keçməsi insanların çimərliklərə və su hövzələrinə axınını artırır ki, bu da bədbəxt hadisələrin sayına təsir göstərir. Riskləri minimuma endirmək məqsədilə polis əməkdaşları göl, çay və digər su hövzələrinin yerləşdiyi ərazilərdə nəzarəti gücləndirib.
Rəsmi nümayəndə qeyd edib ki, Fransanın əksər bölgələrində istilər yüksəlməkdə davam edir. Hazırda ölkənin 49 departamentində qırmızı, 40 departamentində isə narıncı meteoroloji təhlükə xəbərdarlığı qüvvədədir.
Ekstremal hava şəraitinin yaratdığı fəsadlarla mübarizə üçün isə ölkə üzrə təxminən 250 min yanğınsöndürənin səfərbər olunduğu açıqlanıb.
