Dövlətə məxsus torpaqları qanunsuz zəbt etmək və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri məhkəmə qarşısına çıxarılır.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihama əsasən, təqsirləndirilən şəxslər – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlu mütəşəkkil dəstə şəklində fəaliyyət göstərərək dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz zəbt ediblər.
Bildirilib ki, onlar daha sonra həmin torpaq sahələrini ayrı-ayrı şəxslərə sataraq dələduzluq yolu ilə külli miqdarda gəlir əldə ediblər. Torpaq alan şəxslər hazırda iş üzrə zərərçəkmiş qismində tanınıb. Bəzi vətəndaşların aldıqları ərazilərdə yaşayış evləri də inşa etdikləri qeyd olunur.
Məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. O, 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu olub.
İttihamda qeyd olunur ki, Anar Hüseynov digər şəxslərlə əlbir olaraq torpaq sahələrini qanunsuz zəbt edib, sonradan satış və uzunmüddətli icarə yolu ilə təxminən 1 milyon 200 min manat vəsaiti mənimsəyib. Ümumilikdə dövlətə dəymiş ziyanın 4 milyon manatdan çox olduğu bildirilir.
Təqsirləndirilən şəxs ittihamları qəbul etmir və barəsində bəraət hökmü çıxarılmasını tələb edir. Onun müdafiəsini vəkil Ruzi Səmədov həyata keçirir. Müdafiə tərəfi ittihamla razılaşmadığını və məhkəmə istintaqı zamanı həqiqətlərin ortaya çıxacağını bildirib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Görülmüş tədbirlər nəticəsində zəbt edilmiş 20 hektardan artıq torpaq sahəsi dövlətə geri qaytarılıb.
İttihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxsləri 10 ildən artıq həbs cəzası gözləyir. Bununla yanaşı, vurulmuş ziyanın ödənilməsi cəzanın yüngülləşdirilməsinə təsir göstərə bilər.
