Venesuelada baş verən ardıcıl güclü zəlzələlər ölkədə ağır humanitar vəziyyət yaradıb. İLKİNxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, bu barədə açıqlamanı Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges verib. O bildirib ki, dağıntıların ən çox qeydə alındığı ərazi La Quayra ştatıdır.
Rəsmisinin sözlərinə əsasən, bölgədə onlarla yaşayış və inzibati bina çöküb. Hazırda hadisə yerində genişmiqyaslı axtarış və xilasetmə tədbirləri davam etdirilir, dağıntılar altında qalan insanların sağ çıxarılması üçün bütün imkanlar səfərbər olunub.
Qeyd edək ki, ölkədə qısa zaman ərzində 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla bir sıra bölgələrdə ciddi dağıntılara səbəb olub. Baş vermiş fəlakətlə əlaqədar Venesuela hökuməti fövqəladə vəziyyət elan edib.
