Çinin “CAS Space” şirkəti “Kinetica-1” daşıyıcı raketinin köməyi ilə doqquz peyki uğurla kosmosa göndərib.
“ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, buraxılış Şimali Çində yerləşən Szyutsyuan kosmodromunun “Dunfen” kommersiya meydançasından həyata keçirilib. Raketi Pekin vaxtı ilə saat 12:03-də, Bakı vaxtı ilə isə 08:03-də start götürüb.
Missiya çərçivəsində müxtəlif təyinatlı peyklər orbitə çıxarılıb. Onların arasında məsafədən zondlama üçün nəzərdə tutulan “Tsinlin-01” və “Tsinlin-02”, peyk rabitəsi və telekommunikasiya texnologiyalarının sınağı üçün “Pençen şoufa”, yüksək dəqiqliklə orbitdə məlumat emal etmək imkanına malik “Çaoçjisuan-1” peyki yer alıb.
Bundan başqa, elektromaqnit spektrinin monitorinqi məqsədilə “Ditin-01”, “Putszyan-4” və “Yunsyao tanluçje” peykləri də orbitə göndərilib. Məlumata görə, doqquz peykin hamısı nəzərdə tutulan orbitlərə uğurla yerləşdirilib.
“Kinetica-1” dördpilləli bərk yanacaqlı daşıyıcı raketdir. Raketin uzunluğu 31 metr, qoruyucu örtüyünün diametri isə 3,35 metrdir. Daşıyıcı aşağı Yerətrafı orbitə 2 tona qədər, Günəş-sinxron orbitə isə 1,5 tona qədər faydalı yük çıxarmaq imkanına malikdir.
Bu buraxılış “Kinetica-1” raketinin sayca 16-cı missiyası, 2026-cı ildə isə beşinci uçuşu olub.
