İlkinxeber.az informasiya agentliyinin məsul redaktoru kimi bu dəfə bir xəbər deyil, şəxsi təcrübəmi bölüşmək istəyirəm.
Atam səhhətində yaranan problem səbəbilə Sumqayıt şəhər 2 saylı xəstəxananın Reanimasiya şöbəsində 3 gün qaldı. Bu müddətdə göstərilən diqqət və qayğıya görə həkimlərə, tibb bacılarına, xüsusilə şöbə müdiri Vəfa Mustafayevaya təşəkkürümü bildirirəm. Belə həssas məqamda xəstəyə və yaxınlarına göstərilən münasibət həqiqətən böyük əhəmiyyət daşıyır.
Daha sonra atamın Doppler müayinəsinə ehtiyacı yarandı. Həmin xəstəxanada Doppler həkimi məzuniyyətdə olduğundan müayinə üçün Travmatologiya xəstəxanasına göndərildik. Təcili yardım maşını ilə aparılıb gətirildik. Bu proses zamanı təcili yardım əməkdaşlarının xoş rəftarı və diqqəti də müsbət təəssürat yaratdı.
Lakin Travmatologiya xəstəxanasında gördüklərim məndə fərqli təəssürat formalaşdırdı.
Cəmi 15 dəqiqə həmin xəstəxanada olduğum müddətdə bir neçə məqam diqqətimi çəkdi. Atam xərəkdə uzanmaq istəmədiyi üçün onu Travmatologiya xəstəxanasının kreslosunda oturdaraq müayinəyə apardılar. Lakin xəstənin həmin kresloda aparılması xəstəxanada narazılığa səbəb oldu və bu məsələ ilə bağlı mübahisə yarandı.
Məni düşündürən əsas məqam xəstəxanaya müayinə üçün gətirilmiş xəstənin oturması üçün istifadə olunan kreslonun belə müzakirə mövzusuna çevrilməsi idi.
Bəzən kənardan baxanda kiçik görünən məsələlər xəstə və onun yaxınları üçün heç də kiçik olmur. Xəstə onsuz da səhhəti ilə bağlı narahat vəziyyətdədir. Belə məqamlarda onun rahatlığına və müayinəsinin normal şəkildə həyata keçirilməsinə mümkün qədər diqqət göstərilməsi vacibdir.
Bu yazını hansısa tibb müəssisəsini və ya konkret şəxsləri ittiham etmək üçün yazmıram. Sadəcə bir qız övladı, bir vətəndaş və eyni zamanda jurnalist kimi yaşadığım və müşahidə etdiyim hadisəni bölüşürəm.
İlkinxeber.az informasiya agentliyinin məsul redaktoru
Lamiyə Turqay

Allah xestenizə șefa versin, Sumqayit xəstəxanalarını təbib ciddi nəzarətə götürsə biz sakinlər şad olarıq.
Təşəkkür edirəm. Yazını TƏBİBİN qaynar xəttinə göndərmişik, yəqin nəzərə alınar. Sizlər də müraciətlərinizi saytımızın əlaqə bölməsindən mail adresimizə göndərə bilərsiz,yayımlayarıq.
Acil şəfa versin Allahım
Amin