Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı bir sıra yeni qaydalar qüvvəyə minib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, dəyişikliklərə əsasən, artıq namizədlər praktiki imtahanı həm mexaniki, həm də avtomat sürət qutusu ilə verə biləcəklər. Mexaniki transmissiya ilə imtahan verən şəxslər hər iki növ avtomobili idarə etmək hüququ qazanacaq, avtomatla imtahan verənlər isə yalnız avtomat nəqliyyat vasitələrini idarə edə biləcəklər.
Yeni qaydalara görə, praktiki imtahanların videoçəkilişi aparılacaq ki, bu da prosesin daha şəffaf keçirilməsinə xidmət edəcək.
Bundan əlavə, mopeddən istifadə edən şəxslər üçün də sürücülük vəsiqəsi tələbi tətbiq olunacaq və bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alınmalıdır.
Eyni zamanda, xarici ölkələrdə verilmiş sürücülük vəsiqələri ilə Azərbaycanda yalnız məhdud müddət ərzində istifadə mümkün olacaq və daha sonra onların yerli vəsiqə ilə əvəz edilməsi tələb olunacaq.
Qeyd edək ki, dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin artırılması və imtahan sistemində şəffaflığın təmin olunmasıdır.
