Naxçıvan Sənaye Parkı 310 hektar ərazidə salınacaq
Naxçıvanda yaradılacaq Sənaye Parkının ərazisi 310 hektar təşkil edəcək. Parkda artıq ilkin hazırlıq işlərinə başlanılıb.
İlkinxeber.az xəbər verir ki, Naxçıvan Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə yaradılıb.
Parkın fəaliyyətinin təşkili üçün ilk mərhələdə ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə elektrik və istilik enerjisi, qaz, su, rabitə və nəqliyyat infrastrukturu ilə yanaşı, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması planlaşdırılır.
Sənaye Parkının Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda salınması nəzərdə tutulub.
Hazırda parka potensial sahibkarların cəlb edilməsi və müxtəlif investisiya layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
