İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, iyunun 25-i saat 07:00 radələrində Bakı–Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, əcnəbi vətəndaşın idarə etdiyi “MAN” markalı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan Mehman İbrahimovun idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “VAZ” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çıxarıb.
Bundan başqa, Bakı–Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində Vahid Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Məlumatda qeyd olunur ki, hər iki hadisə zamanı insan itkisi qeydə alınmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ilkin ehtimalına əsasən, qəzaların baş verməsində sürücülərin diqqətinin yayınması əsas amillərdən biri ola bilər. Aparılan təhlillər göstərir ki, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin əsaslı səbəb olmadan yoldan çıxması çox vaxt sürücünün yorğun, yuxusuz olması və ya sükan arxasında diqqəti yayındıran hərəkətlər etməsi ilə bağlı olur.
Qurum sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onları sükan arxasında diqqətli olmağa, yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etməməyə, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyə çağırıb.
