İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda kreditləşmə qaydalarında edilən son dəyişikliklər vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına yönəlib.
Yeni qaydalara əsasən, vətəndaşlar artıq müştərisi olduqları kredit təşkilatına müraciət edərək məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoyulmasını tələb edə biləcəklər. Bu məhdudiyyət yalnız müraciət edilən konkret maliyyə qurumuna şamil olunacaq.
Bundan əlavə, kredit təşkilatları məsafədən kredit təqdim etməzdən əvvəl həmin müştəri üzrə hər hansı qadağanın olub-olmadığını yoxlamaq öhdəliyi daşıyacaq. Məhdudiyyət olduğu halda isə kreditin verilməsi mümkün olmayacaq.
Qaydalardakı digər yenilik məsafədən bağlanan istehlak kreditləri üzrə “gözləmə müddəti”nin tətbiqidir. Belə ki, kredit məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saatdan sonra, bu məbləği aşdıqda isə 24 saat sonra vətəndaşın hesabına köçürüləcək.
Mütəxəssislərin fikrincə, bu dəyişikliklər son dövrlərdə artan kiberdələduzluq halları ilə birbaşa bağlıdır. Qeyd edilir ki, vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi yolu ilə onların adından kredit rəsmiləşdirilməsi halları geniş yayılıb.
Statistik məlumatlara görə, 2024–2025-ci illər ərzində kiberdələduzluq nəticəsində milyonlarla manat vəsait mənimsənilib və minlərlə şübhəli bank əməliyyatı qeydə alınıb.
Ekspertlər hesab edir ki, tətbiq olunan yeniliklər müsbət addım olsa da, bununla yanaşı bank sistemində təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsi və vətəndaşların maliyyə savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda bəzi mütəxəssislər məsafədən kreditlərin mərhələli şəkildə – tranşlarla verilməsinin daha effektiv ola biləcəyini vurğulayırlar. Bu halda kredit məbləğinin kiçik hissəsi ilkin olaraq təqdim olunur, əsas məbləğ isə müştərinin təsdiqindən sonra köçürülür.
Qeyd olunur ki, yeni qaydaların tətbiqi yaxın dövrdə onların effektivliyi ilə bağlı daha dəqiq statistik göstəricilərin formalaşmasına imkan verəcək.
