İyulun 14-də Şuşa şəhərində Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi keçirilib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gələn ali qonağın şərəfinə şəhərdə təntənəli tədbir təşkil olunub.
Mərasim zamanı Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, dəstənin rəisi ali qonağa raport verib. Meydanda hər iki ölkənin Dövlət bayraqları dalğalanıb, Slovakiya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Daha sonra Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini qarşılayıb, nümayəndə heyətləri dövlət başçılarına təqdim olunub və rəsmi foto çəkdirilib.
Rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüşlər keçirilib. Əvvəlcə dövlət başçıları arasında təkbətək görüş baş tutub. Daha sonra isə Prezident İlham Əliyev və Prezident Peter Pelleqrinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, burada iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşün sonunda dövlət başçıları bir-birlərinə qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.
