Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında iyunun 26-da telefon danışığı baş tutub.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, söhbət zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Nazirlər son dövrdə iki ölkə arasında yüksəksəviyyəli siyasi təmasların intensivləşdiyini vurğulayıblar. Qeyd olunub ki, ötən ilin payızında İtaliya Prezidentinin Azərbaycana dövlət səfəri, bu ilin yanvarında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası, həmçinin may ayında İtaliya Nazirlər Şurasının sədrinin Azərbaycana səfəri strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.
Telefon danışığında qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadiyyat, enerji, nəqliyyat, sənaye, investisiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, payızda keçiriləcək Azərbaycan–İtaliya Biznes Forumu iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcək.
Tərəflər sentyabr ayında “The European House – Ambrosetti” ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq konfransın da ikitərəfli siyasi və iqtisadi dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, o cümlədən SOCAR ilə İtaliyanın “Italiana Petroli” (IP) şirkəti arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib, yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Telefon danışığında, həmçinin regionda postmünaqişə dövründə sülh prosesi, Yaxın Şərqdəki vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
