Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edərək, Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Vəkillərin çıxış üçün əlavə vaxt istəməsi nəzərə alınaraq növbəti məhkəmə iclası iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, tiktoker barəsində onun sevgilisi X. Kərimov tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət daxil olub. Araşdırmalar nəticəsində A. Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi açılıb. Şikayətçi bildirib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla ümumilikdə 836 min manat pul tələb edib.
