Azərbaycanın təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yeni layihəyə start verilir. İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu istiqamətdə açıq tender elan olunub.
Məlumata görə, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi satınalmanın ehtimal olunan dəyəri 2 milyon 499 min 299 manat təşkil edir.
Layihə çərçivəsində bir neçə mühüm istiqamət üzrə yeniliklər nəzərdə tutulur. Belə ki, təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, şagirdlər üçün fərdiləşdirilmiş və adaptiv öyrənmə imkanları yaradılacaq.
Eyni zamanda, müəllimlərin işini asanlaşdırmaq məqsədilə avtomatlaşdırılmış qiymətləndirmə platformasının hazırlanması nəzərdə tutulur. Layihəyə həmçinin generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də daxildir.
Qeyd edək ki, bu təşəbbüs təhsildə səmərəliliyin artırılması, müəllim və şagirdlər üçün daha innovativ mühitin formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
