Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən süni intellekt texnologiyalarından istifadə etməklə qadınları şantaj edən şəxslər saxlanılıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hüquq-mühafizə orqanlarına naməlum şəxslərin sosial şəbəkələrdə qadınlara məxsus fotoları ələ keçirərək onları süni intellekt proqramları vasitəsilə dəyişdirməsi, üzərinə təhqiramiz və nalayiq ifadələr əlavə etməsi ilə bağlı müraciətlər daxil olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin görüntülər müxtəlif sosial media platformalarında yayılıb, daha sonra isə onların silinməsi müqabilində zərərçəkənlərdən pul tələb olunub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Məlumata görə, saxlanılan şəxslər “TikTok”, “Instagram” və “Telegram” platformalarından əldə etdikləri fotoları montaj edərək saxta hesablar vasitəsilə yayır, bununla da vətəndaşları şantaj edirdilər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirib ki, süni intellekt texnologiyalarının geniş yayıldığı müasir dövrdə sosial şəbəkələrdə paylaşılan şəxsi foto və videoların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Vətəndaşlara tanımadıqları şəxslərlə şəxsi məlumat və görüntüləri paylaşmamaq, şübhəli mesaj və təkliflərə qarşı ehtiyatlı olmaq tövsiyə olunur.
