İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasında məşğulluq sahəsinin inkişafına yönəlmiş növbəti mühüm addım atılıb. Belə ki, Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulan bütün tədbirlərin icrasını əlaqələndirəcək. Nazirlik eyni zamanda planın icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə hesabat təqdim etməlidir.
Bununla yanaşı, Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.
