Azərbaycanda kredit götürən şəxslərin işsiz qalması halında onların maliyyə öhdəliklərinin sığorta vasitəsilə qarşılanmasını nəzərdə tutan yeni mexanizmin hazırlanması istiqamətində iş aparılır.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, hazırda borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi risklərinin sığortalanması Mərkəzi Bankın qaydaları əsasında tətbiq edilir. Hazırlanan yeni qaydalar isə kredit götürən şəxslərin öz iradəsindən asılı olmayan səbəblərlə işsiz qalması nəticəsində kredit ödənişində yaranan çətinliklərin sığorta tərəfindən qarşılanmasını nəzərdə tutur.
Onun sözlərinə görə, müəssisənin bağlanması, ixtisar və ya digər obyektiv səbəblərdən işini itirən vətəndaşların kredit öhdəlikləri müəyyən şərtlər daxilində sığorta şirkəti tərəfindən ödənilə bilər. Bu mexanizm həm borcalanların maliyyə yükünü azaltmağa, həm də bankların kredit risklərini minimuma endirməyə xidmət edəcək.
Vüqar Bayramov vurğulayıb ki, belə bir sığorta növünün tətbiqi kredit götürən şəxslər üçün əlavə xərc yaratsa da, sığorta hadisəsi baş verdikdə maliyyə öhdəliklərinin qarşılanması baxımından mühüm təminat rolunu oynayacaq. O hesab edir ki, Azərbaycanda kredit faizlərinin yüksək olması nəzərə alınaraq banklar faiz dərəcələrində müəyyən güzəştlərə getməklə bu əlavə xərcin təsirini azalda bilərlər.
Deputatın fikrincə, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların qısa müddətdə təsdiqlənməsi həm vətəndaşların sosial müdafiəsini gücləndirəcək, həm də bank sektorunda risklərin idarə olunmasına müsbət təsir göstərəcək.
