Güclü küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə edilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, küləkli hava şəraitində avtomobil sahibləri və sürücülər daha məsuliyyətli davranmalı, hərəkətin çətinləşdiyini və təhlükənin artdığını nəzərə almalıdırlar. Daşınan yüklərin etibarlı şəkildə qablaşdırılması və möhkəm bərkidilməsi xüsusi əhəmiyyət daşıyır.
Sürücülərə nəqliyyat vasitələrini aşma, sürüşmə və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında saxlamamaq, mümkün olduqda isə avtomobilləri qapalı dayanacaqlarda park etmək tövsiyə olunur.
Açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddinə riayət etməli, ara məsafəsini qorumalı, ötmə və manevr zamanı maksimum ehtiyatlı davranmalıdırlar.
Piyadalara da mövcud hava şəraitini düzgün qiymətləndirmək, yol hərəkəti qaydalarına əməl etmək və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan çəkinmək tövsiyə edilir.
