ilkinxeber.az informasiya agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda yeni kağız və gigiyenik məhsullar müəssisəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, müəssisədə yerli bazar və xaricdən gətirilən xammal və materiallardan istifadə edilməklə kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal olunacaq.
Təxminən 11 hektar ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək.
Məhsullar daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər dövlətlərə ixrac olunacaq. Müəssisədə 240 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıqların idxalı zamanı ƏDV və gömrük rüsumları üzrə 1 milyon manat məbləğində güzəştdən yararlanıb.
Yeni müəssisənin fəaliyyətə başlaması Azərbaycanda yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması və Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması baxımından əhəmiyyət daşıyır.
