Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 6,5 % səviyyəsində dəyişməz saxlayıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % olaraq qalır.
AMB bildirir ki, qərar qəbul edilərkən inflyasiyanın cari və gözlənilən səviyyəsi, həmçinin daxili maliyyə bazarında baş verən proseslər nəzərə alınıb. İnflyasiya üzrə proqnozların artması pul siyasətinin sərtləşdirilməsini tələb etsə də, valyuta bazarında təklifin tələbi üstələməsi daha yumşaq siyasəti dəstəkləyir. Bu səbəbdən balans qorunaraq faiz dərəcələri dəyişdirilməyib.
Qeyd olunub ki, ilin sonuna qədər veriləcək qərarlar inflyasiya proqnozları və makroiqtisadi göstəricilərə əsaslanacaq. Eyni zamanda qlobal qeyri-müəyyənliklər, valyuta bazarındakı vəziyyət, bank sektorunda likvidlik və manatın məzənnəsinə təsir edən amillər də diqqətdə saxlanılacaq.
Faiz dəhlizi ilə bağlı növbəti qərarın sentyabrın 23-də açıqlanacağı bildirilib.
