Bakıda müşahidə olunan güclü külək nəticəsində baş verən hadisədə bir nəfər xəsarət alıb.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, güclü küləyin təsirindən aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb.
Müayinələr zamanı zərərçəkənə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib, sınıq gips longetlə fiksasiya edilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicənin davam etdirilməsi və həkim nəzarəti ilə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər vətəndaşlara küləkli hava şəraitində iri ağacların, qəzalı vəziyyətdə olan tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.
