Bakıda sərnişin avtobusu yanıb
Bakının Binəqədi rayonunda sərnişin avtobusunda yanğın baş verib.
ilkinxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusun yanması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Həmçinin yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə edilib.
Daşıyıcı şirkətin açıqlamasına görə, ilkin ehtimala əsasən yanğın avtobusun elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib. Bildirilib ki, yay mövsümündə iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmə ehtimalı nəzərdən keçirilir. Hadisənin dəqiq səbəbi aparılan araşdırma və ekspertiza rəyindən sonra məlum olacaq.
