ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahan kompüter vasitəsilə keçiriləcək və iştirakçılar inşanı elektron formada yazacaqlar.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in rəsmi internet səhifəsindən əldə edib çap etməlidirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlməli olduğu saat göstərilib.
İştirakçılara eyni zamanda “Yaddaş kitabçası”ndan çıxarış təqdim olunur. Həmin sənəddə imtahan qaydaları, vacib tövsiyələr və əməl edilməli tələblər ətraflı izah olunur.
İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 09:45-də buraxılış prosesi yekunlaşacaq. Bu vaxtdan sonra imtahan binasına gələn şəxslər içəri buraxılmayacaq.
Sıxlığın qarşısını almaq məqsədilə hər bir abituriyent üçün fərqli giriş vaxtı müəyyən edilib. İştirakçılara buraxılış vərəqəsində qeyd olunan saatda imtahan binasında olmaları tövsiyə edilir.
Abituriyentlər imtahana aşağıdakı sənədləri təqdim etməlidirlər:
• İmtahana buraxılış vərəqəsi;
• Şəxsiyyəti təsdiq edən sənədin əsli;
• Şəxsiyyət vəsiqəsində foto olmayan iştirakçılar isə təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkli möhürlə təsdiqlənmiş arayışı da təqdim etməlidirlər.
Qabiliyyət imtahanını uğurla başa vuran abituriyentlər ixtisas seçimi mərhələsində “Jurnalistika” ixtisasını seçmək hüququ qazanacaqlar.
İnşa mövzuları və esse yazılmasına dair tələblərlə DİM-in rəsmi resurslarında tanış olmaq mümkündür.
