Rusiyanın Kamçatka vilayətində 20 il əvvəl törədilmiş oğurluq hadisəsi ilə bağlı axtarışda olan şəxs nəhayət saxlanılıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə 2006-cı ildə baş verib. Belə ki, 59 yaşlı kişi bir neçə nəfərlə birlikdə dəniz limanında körpüyə yan alan gəmiyə daxil olaraq oğurluq edib. Onlar anbar moduluna aparan qapının şüşəsini çıxarıb və ümumi dəyəri 550 min rubldan artıq olan balıqçılıq avadanlıqlarını ələ keçiriblər.
Məlumata görə, oğurlanan əşyalar əvvəlcədən icarəyə götürülmüş avtomobillə daşınıb və sonradan satılıb.
Hadisədən sonra təqsirləndirilən şəxs istintaqdan yayınaraq Azərbaycana qaçıb və uzun müddət axtarışda olub. Onun cinayət ortaqları isə vaxtında məhkəmə qarşısına çıxarılaraq cəzalandırılıb.
20 ildən sonra həmin şəxs Moskva şəhərində yerləşən hava limanlarından birində saxlanılıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə cinayət işi açılıb və toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
