Moskvanın Presnenski Rayon Məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində çirkli pulların leqallaşdırılması ittihamı üzrə qiyabi hökm çıxarıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata əsasən, məhkəmə Həsənovu 4 il müddətinə azadlıqdan məhrum edib. Qeyd olunur ki, hazırda bu qərarın rəsmi məhkəmə sənədləri ilə təsdiqlənməsi gözlənilir.
Məhkəmənin qərarına əsasən, bloqerə məxsus Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsi dövlətin xeyrinə müsadirə olunacaq.
İstintaq materiallarında bildirilir ki, Hüseyn Həsənov 2019–2021-ci illər ərzində dövlət büdcəsinə 175 milyon rubl vergi ödəməkdən yayınıb. İddialara görə, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınmasına yönəldilərək leqallaşdırılıb.
Daha sonra bloqerin vergi borcunu tam ödədiyi bildirilib və bu səbəbdən vergidən yayınma maddəsi üzrə ittiham ona qarşı ləğv edilib.
Məlumata görə, Hüseyn Həsənov hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır və ona qarşı irəli sürülən çirkli pulların yuyulması ittihamını qəbul etmir.
Bloqerin vəkili Mixail Yusupov isə bildirib ki, onun müdafiə etdiyi şəxs dövlət qarşısındakı bütün vergi öhdəliklərini yerinə yetirib və ümumilikdə büdcəyə təxminən 300 milyon rubl vəsait ödəyib.
