Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi zamanı yalnız rəsmi və etibarlı məlumatlara əsaslanmağı tövsiyə edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, M.Abbaszadə DİM-in sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib ki, abituriyentlər bəzən müxtəlif şəxslərin fikirlərinə və qeyri-rəsmi internet resurslarında yayılan məlumatlara əsaslanırlar.
DİM sədri belə məlumatların yanlış ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, ixtisas seçimi ilə bağlı əsas və etibarlı məlumatlar DİM-in rəsmi mənbələrində, xüsusilə “Abituriyent” jurnalında dərc olunur.
M.Abbaszadə abituriyentlərə seçim zamanı ilk növbədə öz istəklərini və gələcək planlarını nəzərə almağı məsləhət görüb. O qeyd edib ki, müəyyən ixtisasa qəbul olmaq üçün bir neçə il imtahan verərək sonda məqsədinə çatan şəxslər də var. Lakin hər bir abituriyent öz imkanlarını və bu yolda davam etməyə hazır olub-olmadığını düzgün qiymətləndirməlidir.
DİM sədri həmçinin bildirib ki, abituriyentlər istədikləri istiqamətdə fəaliyyət göstərmək üçün ali təhsillə yanaşı, orta ixtisas təhsili müəssisələrini – kollecləri də nəzərdən keçirə bilərlər.
O, qərar qəbul edərkən başqalarının məsləhətlərinin nəzərə alına biləcəyini, lakin son qərarın məsuliyyətinin abituriyentin öz üzərində olduğunu vurğulayıb.
Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək bütün ixtisas qrupları üzrə internet vasitəsilə həyata keçirilir. Müsabiqə şərtlərini ödəyən abituriyent seçiminə uyğun ixtisas qrupuna və ya altqrupuna aid 15-dək ixtisasın kodunu qeyd edə bilər.
