50 ildən artıq fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Məclisin deputatı Sadiq Qurbanov bu təklifi “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” adlı müzakirələr zamanı səsləndirib.
Deputat bildirib ki, Xəzər dənizinin gələcəyi ilə bağlı birgə fəaliyyət proqramlarının hazırlanmasına daha ciddi diqqət yetirilməlidir. Onun sözlərinə görə, dünyada hidrometeoroloji proseslərin kəskinləşməsi, iqlim dəyişkənliyinin artması və su ehtiyatlarının azalması fonunda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır.
Sadiq Qurbanovun sözlərinə görə, 2007–2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur uzunmüddətli normaya nisbətən 1,3 dərəcə yüksəlib. Təkcə 2025-ci ildə artım 1,8 dərəcə olub.
Deputat Xəzərin səviyyəsində baş verə biləcək dəyişikliklərlə bağlı elmi proqnozların da diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən mənfi 30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən geri çəkilməsi Nabran–Şabran istiqamətində 4–5 kilometr, Sanqaçal–Ələt zonasında 10–12 kilometr, Lənkəran–Astara bölgəsində isə 2–3 kilometr ola bilər.
