İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Aparılan ilkin epidemioloji araşdırmalar zamanı xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib. İlk şübhəli şəxsdən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.
Xəstə heyvanla təmasda olan 9 nəfər müəyyən edilərək Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində izolyasiya olunub. Onlardan laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hazırda təmasda olan digər şəxslər də müəyyənləşdirilir və tibbi müşahidəyə cəlb olunur. Dəri yaraları müşahidə edilən şəxslərdən əlavə laborator müayinələr üçün nümunələr götürülür.
Qeyd edilib ki, qarayara torpaq mənşəli törədicinin yaratdığı zoonoz xəstəlikdir və əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxuma və məhsulları ilə təmas zamanı insana keçir. Xəstəliyin insandan-insana ötürülməsi isə olduqca nadir hallarda baş verir.
Aidiyyəti qurumların məlumatına görə, hazırda əhali arasında qarayara xəstəliyinin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur. Hadisə nəzarətdə saxlanılır və zəruri epidemioloji tədbirlər həyata keçirilir.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.
