“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda çəkilən səhnələri üzrə çəkiliş prosesi yekunlaşıb.
Layihə indiyədək Azərbaycanda həyata keçirilən ən böyükmiqyaslı xarici film istehsalı kimi qiymətləndirilir. Çəkilişlərə 200-dən çox yerli mütəxəssis, eləcə də çoxsaylı şirkət cəlb olunub.
Mədəniyyət Nazirliyi və 26 dövlət qurumunun dəstəyi ilə reallaşdırılan layihənin Azərbaycanın beynəlxalq kino və turizm imkanlarının dünyada tanıdılmasına mühüm töhfə verəcəyi bildirilir.
Çəkilişlərin başa çatmasından sonra məşhur aktyor Ceki Çan layihəyə dəstək göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşərək təşəkkürünü ifadə edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, filmin Azərbaycanda çəkilməsi ölkənin beynəlxalq kino istehsalı üçün cəlbedici məkan kimi tanıdılmasına da imkan yaradır.
