Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Baxşəliyev İnam Rasim oğlunun doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Kovuzbulaq kəndində onun ailəsi ilə görüş keçirdik.
İnam Baxşəliyevin evində çəkiliş apararaq şəhidimizin ailə üzvləri ilə həmsöhbət olduq. Görüş zamanı İnamın həyat yolu, Vətən müharibəsində iştirakı və döyüşlərdə göstərdiyi qəhrəmanlıq barədə söhbət etdik. Şəhidimizin babası İnamla bağlı xatirələrini bizimlə bölüşərək onun uşaqlıq və gənclik illərindən, xarakterindən və Vətənə olan sevgisindən danışdı.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Baxşəliyev İnam Rasim oğlu 1993-cü il fevralın 20-də Cəlilabad rayonunun Kovuzbulaq kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İnam 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.
İnam Baxşəliyev 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Şəhidimizin Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
İnam Baxşəliyev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Onun adı və qəhrəmanlığı doğma Kovuzbulaqda, Cəlilabadda və bütün Azərbaycanda daim ehtiramla yad ediləcək.
Şəhidlərimizin həyatını, xatirələrini və ailələrinin söylədiklərini işıqlandırmaq bizim üçün həm jurnalist məsuliyyəti, həm də mənəvi borcdur.
Allah şəhidimiz İnam Baxşəliyevə və bütün şəhidlərimizə rəhmət eləsin!
