Bu ilin iyul ayında Bakının Xətai rayonunda diqqətçəkən hadisə baş verib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Yusif Səfərov küçəsində yüksək səslə söyüş söyərək ətrafdakı vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polis əməkdaşının diqqətini çəkib.
Polis əməkdaşı gəncə ictimai qaydalara və sakitliyə riayət etməsi barədə xəbərdarlıq edib. Lakin o, xuliqanlıq hərəkətlərini davam etdirib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb.
Bundan sonra gənc saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib olunub. Araşdırma zamanı onun 2008-ci il təvəllüdlü M.Məmmədov olduğu müəyyənləşib.
İnzibati xəta haqqında protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən gənc qəbul imtahanlarında iştirak etdiyini və universitetə sənədlərini təqdim etməyə hazırlaşdığını bildirib. O, sənədlərin qəbulu üçün son günün yaxınlaşdığını, 3×4 ölçüdə foto çəkdirmək məqsədilə Yusif Səfərov küçəsində fotostudiya axtardığını deyib.
M.Məmmədov fotostudiya tapa bilmədiyi üçün onu həmin əraziyə yönləndirən dostuna zəng etdiyini və telefon danışığı zamanı yüksək səslə söyüş söydüyünü etiraf edib. Gənc məhkəmədən bağışlanmasını xahiş edib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov 20 gün müddətinə inzibati həbs olunub
