ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Kiyevə gözlənilən səfəri hələlik rəsmən təsdiqlənməyib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalına ölkənin siyasi dairələrindəki mənbələr məlumat verib. Daha əvvəl isə ABŞ nümayəndələrinin avqustun ikinci yarısında Kiyevə səfər edə biləcəyi barədə məlumatlar yayılmışdı.
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova isə Ukraynanın NATO üzvlüyü ilə bağlı iddialardan rəsmi şəkildə imtina etməsinin Rusiya Ukrayna münaqişəsinin nizamlanması üçün real əsas yarada biləcəyini bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Uitkoff və Kuşnerin mümkün səfəri ilə bağlı Moskvanın hələlik konkret təklif almadığını açıqlamışdı. O, belə bir görüşün qısa müddətdə təşkilinə hazır olduqlarını qeyd etmişdi.
Beləliklə, ABŞ nümayəndələrinin Kiyevə səfəri ilə bağlı gözləntilər davam etsə də, səfərin dəqiq tarixi və keçirilməsi hələlik rəsmən təsdiqlənməyib.
