ABŞ Milli Kəşfiyyatının keçmiş rəhbəri Tulsi Qabbard Prezident Donald Trampa İranın keçmiş Ali Lideri Əli Xameneinin fiziki olaraq aradan götürülməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, Qabbard Xameneinin öldürülməsinin Tehranın mövqeyini daha da sərtləşdirə biləcəyini bildirib. Onun fikrincə, belə bir addım İranın nüvə silahı əldə etməsinə, Hörmüz boğazının bağlanmasına, həmçinin ABŞ hərbçilərinə və Vaşinqtonun müttəfiqlərinə birbaşa hücumların artmasına səbəb ola bilər.
Nəşrin yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin yüksək vəzifəli köməkçiləri isə Trampı İranın son onilliklər ərzində ən zəif vəziyyətində olduğuna və bunun sui-qəsd üçün əlverişli fürsət yaratdığına inandırmağa çalışıblar.
ABŞ vitse-prezidenti Cey Di Vens isə diplomatik imkanlara vaxt verilməsinin tərəfdarı olub. Eyni zamanda, ABŞ hərbi rəhbərliyi mümkün canlı qüvvə itkiləri, hərbi sursat çatışmazlığı və döyüş hazırlığı ilə bağlı ciddi risklər barədə prezidentə xəbərdarlıq edib.
