İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı müraciətində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq qanunvericiliyin təkmilləşdirilməsinin, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın artırılmasının, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının və ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
İlham Əliyev, həmçinin Azərbaycanın ərazilərinin 30 ilə yaxın işğal altında olduğu dövrdə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismar edildiyini bildirib. Onun sözlərinə görə, bu fəaliyyət regionun ekologiyasına ciddi ziyan vurub, əldə edilən külli miqdarda gəlirlər isə beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.
Dövlət başçısı rəqəmsal inkişafın və süni intellekt texnologiyalarının yayılmasının korrupsiyaya qarşı mübarizədə yeni imkanlar yaratdığını da diqqətə çatdırıb. Bununla yanaşı, o, rəqəmsal maliyyə alətlərindən sui-istifadə hallarının yeni risklər meydana çıxardığını vurğulayıb.
Prezidentin fikrincə, hüquq-mühafizə orqanlarının müasir texnologiyalardan səmərəli istifadə etməsi bu cür cinayətlərin qarşısının alınması və effektiv araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İlham Əliyev əminliyini ifadə edib ki, Bakıda keçirilən iclas çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ölkələrin dayanıqlı inkişafına töhfə verəcək.
