Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki müxalifətin KTMT sülhməramlılarının Ermənistana gətirilməsini istədiyini iddia edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Paşinyan parlamentdə çıxışı zamanı keçmiş prezident Robert Koçaryanın və “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil etdiyi müxalifət qüvvələrinə müraciət edərək onların məqsədinin KTMT sülhməramlılarının Ermənistana yerləşdirilməsinə nail olmaq olduğunu bildirib.
Ermənistan hökumətinin başçısı ölkədə KTMT sülhməramlılarının yerləşdirilməsinin mümkün olmadığını vurğulayıb.
“KTMT sülhməramlıları Ermənistanda olmayacaq. Ümumiyyətlə, ölkədə heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək”, deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasında əsas amil hər iki ölkənin xalqlarıdır.
“Onlar olmayacaq, çünki artıq sülh təmin edilib. Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”, deyə Paşinyan qeyd edib.
