Rumıniyanın şərqində yerləşən Qalats şəhərində ciddi insident baş verib. Yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) çırpılması nəticəsində güclü partlayış meydana gəlib, ardınca isə mənzillərdən birində yanğın başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, dronun binaya dəyən anda ərazidə güclü səs eşidilib və partlayış dalğası yaxınlıqdakı mənzillərə də təsir göstərib. Partlayışdan sonra alov qısa müddətdə mənzilin bir hissəsini bürüsə də, hadisə yerinə operativ şəkildə cəlb olunan yanğınsöndürmə briqadaları vəziyyəti nəzarət altına almağa müvəffəq olub.
Məlumata əsasən, hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətinin nəzarətdə olduğunu bildiriblər.
Təhlükəsizlik məqsədilə binada yaşayan təxminən 70 sakin təxliyə olunub. Ərazi polis və fövqəladə xidmət əməkdaşları tərəfindən mühasirəyə alınaraq nəzarətə götürülüb. Hazırda hadisənin başvermə səbəbləri və pilotsuz uçuş aparatının mənşəyi ilə bağlı araşdırma aparılır.
