Bir yolun vəziyyəti əslində bir rayonun, bir kəndin, bir bölgənin həyata münasibətinin göstəricisidir.
Biləsuvar–Cəlilabad yolu bu gün ciddi narahatlıq doğurur. Yolun ayrı-ayrı hissələri o qədər bərbad vəziyyətə düşüb ki, burada söhbət artıq sadəcə sürücülərin rahatlığından getmir. Söhbət insanların təhlükəsizliyindən, kəndlərin rayon mərkəzləri ilə əlaqəsindən, kənd təsərrüfatı məhsullarının daşınmasından və bölgənin sosial-iqtisadi həyatından gedir.
Bu yolun ətrafında neçə-neçə kənd yerləşir. Həmin kəndlərdə yaşayan insanlar hər gün bu yoldan istifadə etməyə məcburdurlar. İşə gedən də, xəstəxanaya üz tutan da, məktəbə gedən şagird də, məhsulunu bazara aparan fermer də eyni problemlə qarşılaşır.
Yol yalnız avtomobilin hərəkət etdiyi asfalt zolağı deyil.
Yol kəndlinin bazara çıxışıdır. Yol xəstənin xəstəxanaya çatmasıdır. Yol uşağın məktəbə təhlükəsiz getməsidir. Yol rayonlar arasında iqtisadi və sosial əlaqədir.
Bu baxımdan Biləsuvar–Cəlilabad yoluna yalnız bir yol kimi yanaşmaq düzgün deyil.
Əgər bir kənddən rayon mərkəzinə getmək üçün avtomobil sahibi hər gün maşınının hansı hissəsinin sıradan çıxacağından narahatdırsa, burada artıq ciddi infrastruktur problemi var. Əgər yol yağışdan sonra daha da təhlükəli vəziyyətə düşürsə, deməli, görülən işlər problemin kökündən həllinə hesablanmayıb.
Əlbəttə, ölkənin müxtəlif bölgələrində yeni yollar salınır, magistrallar yenilənir. Bu, müsbət prosesdir. Amma böyük layihələrlə yanaşı, insanların hər gün istifadə etdiyi yerli və rayonlararası yollar da diqqətdən kənarda qalmamalıdır.
Çünki inkişaf yalnız böyük magistrallarla ölçülmür.
İnkişaf kəndə gedən yoldan başlayır.
Biləsuvarla Cəlilabad arasında yaşayan insanların da normal yola haqqı var. Onlar illərlə yamaqlanan, çalaları və çatları ilə sürücülərə problem yaradan yoldan istifadə etməyə məhkum olmamalıdırlar.
Burada məqsəd kimisə ittiham etmək deyil. Məqsəd bir problemin diqqətə çatdırılmasıdır.
Aidiyyəti qurumların bu yolun vəziyyətinə yerində baxması, kəndlərə gedən bağlantıları da nəzərə alaraq kompleks yanaşma ortaya qoyması vacibdir.
Çünki asfaltın altındakı problem təkcə çala deyil.
O çalanın içində kəndlinin vaxtı, sürücünün xərci, sərnişinin təhlükəsizliyi və bütöv bir bölgənin rahatlığı var.
Məncə, yol məsələsinə bir az da insan gözü ilə baxmağın vaxtıdır.
İlkin Şakiroğlu
İlkin Şakiroğlu… Biləsuvar–Cəlilabad yolunda bitməyən əzab
Şərh edilməmiş
