Namaz qılırıq. Hacı oluruq, Məşhədi oluruq, Kərbəlayi oluruq. Ziyarətlərə gedirik, təsbeh çəkirik, dualar edirik. Amma heç özümüzə bu sualı veririkmi? Görəsən, biz Allahın dostu ola bilirikmi?
Çünki Allahın dostluğu adla, titulla, geyimlə, təsbehlə ölçülmür. Allahın dostu olmaq üçün əvvəlcə insan olmağı bacarmaq lazımdır.
Namaz qılıb qonşunun haqqını tapdalayırıqsa, hansı namazdan danışırıq? Kəbəyə gedib ürəyimizdə kin daşıyırıqsa, o səfər bizi hara apardı? Kərbəlaya gedib haqqsızlığın qarşısında susuruqsa, Hüseynin adını çəkməyin mənası nədir?
Hacı adı insanı avtomatik olaraq yaxşı insan etmir. Məşhədi olmaq qəlbi təmizləmir. Kərbəlayi adını daşımaq insanı ədalətli etmir.
Bunların hamısı yolun işarələridir. Əsas məsələ isə o yolun bizi hara apardığıdır.
Allahın dostluğu insanın heç kimin görmədiyi yerdə kim olduğunu göstərir. Yetimə münasibətində, kasıba münasibətində, özündən zəifə münasibətində, haqqsız qazanc qarşısında seçimində və sənə pislik edən adama verdiyin cavabda.
Ən əsası isə insan heç kim onu görməyəndə kimdir?
Biz ibadətin formasına çox bağlanmışıq, mahiyyətini isə unutmuşuq. Alnımız səcdəyə gedir, amma qəlbimiz hələ də eqonun qarşısında diz çökür.
Dilimiz Allah deyir, əlimiz isə haqsızlıq edir. Dodağımız dua edir, ürəyimiz başqasının bədbəxtliyinə sevinir. Təsbehimiz dənələri sayır, vicdanımız isə öz günahlarımızı saymaqdan qaçır.
Bəlkə də ən ağır sual budur. Allah bizim namazımıza baxır, yoxsa namazdan sonra necə insan olduğumuza?
İnsan məsciddə Allahı axtarıb, küçədə insanı tapdalayırsa, orada düşünməli bir məsələ var.
Çünki ibadət insanı dəyişmirsə, insan öz ibadətinin mənasını yenidən sorğulamalıdır.
Allahın dostu olmaq çətin məsələdir. Bunun üçün adın qarşısına Hacı, Məşhədi, Kərbəlayi yazdırmaq kifayət etmir.
Bəlkə Allahın dostluğu bir titul deyil, bir haldır. Sən heç kimin haqqını yeməyəndə, gücün çatdığı halda zəifi əzməyəndə, qəlbini kinə təslim etməyəndə, haqq sənin əleyhinə olsa belə haqqın yanında dayananda və heç kim bilməsə də yaxşılıq edəndə…
Onda insan Allahın dostluğuna bir addım yaxınlaşır.
Bəlkə də bizə yeni bir ad lazım deyil. Bizə yeni bir qəlb lazımdır.
Çünki məsələ Allahın qarşısında hansı adla dayanmağımız deyil.
Məsələ budur. Allah bizi öz dostlarından biri kimi görürmü?

Maraqlı yazıdır
Təşəkkür edirəm