Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
ilkinxeber.az informasiya agentliyi Prezident.az-a istinadən xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.
Sənədə əsasən, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti təmin etməlidir. Agentlik, həmçinin proqram üzrə tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməlidir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Maliyyələşdirmə məsələləri ilə bağlı isə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görməlidirlər.

