“Formula-1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçiriləcək “Formula-2” mərhələsinin proqramında ciddi dəyişiklik edilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan mərhələsində əvvəlki iki yarış əvəzinə üç yarış keçiriləcək. Proqrama əlavə təsnifat sessiyası və daha bir əsas yarış daxil edilib.
Yarış həftəsonu sentyabrın 24-də 45 dəqiqəlik sərbəst məşqlə başlayacaq. Daha sonra 20 dəqiqəlik iki təsnifat sessiyası keçiriləcək.
Sentyabrın 25-də əvvəlcə sprint yarışı, daha sonra isə ilk əsas yarış baş tutacaq. İkinci əsas yarış isə sentyabrın 26-da keçiriləcək.
Beləliklə, Bakı mərhələsinin proqramında bir sərbəst məşq, iki təsnifat, bir sprint və iki əsas yarış olacaq.
“Formula-2”nin icraçı direktoru Bruno Mişel bildirib ki, Bakı mərhələsi təqvimdə proqramın iki əlavə sessiya ilə genişləndirilməsinə imkan verən yeganə yarışdır. Onun sözlərinə görə, yeni formatın azarkeşlər üçün daha maraqlı olacağı gözlənilir.
Qeyd edək ki, “Formula-2”nin Bakı mərhələsi mövsümün 12-ci raundudur. “Formula-1” yarışları ilə yanaşı, bütün tədbirlər sentyabrın 24-26-da Bakı Şəhər Halqasında keçiriləcək.
Formula-2-nin Bakı proqramı dəyişdi
Şərh edilməmiş
