Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və idarənin daha üç keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“İlkinxeber.az” informasiya agentliyinin məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasa hakim Zeynal Ağayev sədrlik edib.
Cinayət işi üzrə Elnur Süleymanovla yanaşı, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Dörd təqsirləndirilən şəxsin hamısı hazırda azadlıqdadır.
Media üçün qapalı keçirilən ilk məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və ilkin dinləmələr aparılıb. Məhkəmə araşdırmasının qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin azadlıqda qalmasının davam etdirilməsi barədə qərar qəbul olunub.
Keçmiş nazirlik əməkdaşları xüsusilə külli miqdarda, 1 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurlar. İttihamlar məhkəmədə təsdiqini tapacağı halda, onları 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
İş üzrə növbəti əsas məhkəmə iclasının oktyabrın 2-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Elnur Süleymanov bundan əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə təqdim etdiyi hesabatla gündəmə gəlmişdi. Həmin hesabatda Nəcməddin Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat vəsait xərcləndiyi, həmçinin hər birinin qiyməti 100 manat olan 80 şüşə çaxır alındığı və bunun üçün ümumilikdə 8 min manat ödəniş edildiyi qeyd olunmuşdu.
