ABŞ Prezidenti Donald Trampın komandası Moskva ilə aparılan danışıqlar çərçivəsində Ukraynada müharibə başa çatmadan Rusiya ilə biznes müqavilələrinin imzalanması variantını müzakirə edir.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, bu barədə “The New York Times” nəşri öz mənbələrinə istinadən yazıb.
ABŞ rəsmilərindən biri qəzetə açıqlamasında bildirib ki, belə müqavilələrin imzalanması Vaşinqtonun Moskva ilə münasibətləri bərpa etmək niyyətinin ciddi olduğunu nümayiş etdirə bilər. Nəşrin məlumatına əsasən, bu yanaşma Trampın əvvəlki mövqeyindən fərqlənir.
Danışıqlara yaxın iki mənbə “The New York Times”a bildirib ki, Vaşinqton artıq müharibənin başa çatmasını gözləmədən Rusiya ilə müəyyən razılaşmalar əldə etmək imkanını istisna etmir.
Qəzetin yazdığına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Rusiya tərəfini döyüşləri dayandırmağa sövq edə biləcək yeni mexanizmlər üzərində işləyirlər.
Hazırda hansı biznes müqavilələrinin nəzərdə tutulduğu barədə konkret məlumat açıqlanmayıb.
