İLKİNxeber.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı yekun məlumata əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə qələbə qazanıb.
Nəticələrə görə, hakim partiya səslərin 49,81 faizini toplayaraq parlamentdə ən çox mandat əldə edən siyasi qüvvə olub. “Güclü Ermənistan” bloku 23,29 faiz səslə ikinci, “Ermənistan” bloku 9,94 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Seçkilərin yekun nəticələrinə əsasən, “Çiçəklənən Ermənistan” Partiyası da parlamentə düşmək üçün tələb olunan həddi keçərək qanunverici orqanda təmsilçilik hüququ qazanıb.
Beləliklə, Ermənistan parlamentində dörd siyasi qüvvə yer alacaq. Seçkilərdə qələbə qazanan “Vətəndaş Müqaviləsi” Partiyası hökuməti formalaşdırmaq üçün əsas üstünlüyü əldə edib.
Siyasi müşahidəçilərin fikrincə, seçkilərin nəticələri Paşinyan hakimiyyətinin ölkədə mövqelərini qoruyub saxladığını göstərir.
