Jurnalistikada elə imzalar var ki, həmin imzanı yazının altında görəndə müəllifin kim olduğunu ayrıca düşünməyə ehtiyac qalmır. Çünki o imza artıq öz sözünü deyib. Əvəz Zeynallının imzası da belə imzalardandır.
Əvəz Zeynallı jurnalistikaya yalnız xəbər yazmaq, müsahibə götürmək, gündəmi izləmək üçün gələn jurnalistlərdən olmadı. Onun üçün jurnalistika mövqe idi. Sözün arxasında dayanmaq, cəmiyyətin görmək istəmədiyi məsələləri gündəmə gətirmək və sual vermək məsuliyyəti idi.
Jurnalist üçün ən çətin məqam yazmaq deyil. Yazdığının arxasında dayanmaqdır. Çünki yazdığın söz kiminsə xoşuna gəlməyə bilər, kiminsə marağına toxuna bilər, hətta sənə qarşı münasibəti dəyişə bilər. Əvəz Zeynallının jurnalist obrazında diqqət çəkən əsas cəhətlərdən biri də məhz bu mövqe idi.
O, mətbuatı sadəcə informasiya ötürən vasitə kimi görmürdü. Mətbuatın cəmiyyət qarşısında məsuliyyət daşıdığına inanırdı. Jurnalistin işi yalnız baş verənləri yazmaq deyil, həm də sual verməkdir. Niyə belə oldu? Kim məsuliyyət daşıyır? Vətəndaşın haqqı harada qaldı? Bu suallar jurnalistikanın mahiyyətidir.
Bu gün onun haqqında danışarkən keçmiş zamanda danışırıq. Amma jurnalistikanın qəribə bir xüsusiyyəti var. Jurnalist həyatda olmadığı halda onun yazdığı sözlər yaşaya bilir. Çünki həqiqət bir insanın ömrü ilə bitmir.
Əvəz Zeynallının adı da Azərbaycan jurnalistikasında yalnız bir şəxsin adı kimi qalmayıb. O ad müəyyən bir jurnalistlik anlayışını xatırladır. Söz deməkdən çəkinməmək, mövqeyini gizlətməmək və mətbuatın cəmiyyət üçün nə qədər vacib olduğunu unutmamaq.
Məncə, jurnalistin ən böyük mirası onun yazdığı məqalələrin sayı deyil. Ondan sonra gələn jurnalistlərə qoyduğu ölçüdür. Əgər bir jurnalist özündən sonra gələnlərə “sözün də məsuliyyəti var” düşüncəsini ötürə bilibsə, deməli, onun gördüyü iş kağız üzərində qalmayıb.
Əvəz Zeynallı da bu baxımdan Azərbaycan mətbuatında öz yerini çoxdan müəyyənləşdirib.
Jurnalistikada əvəzlənən və əvəzlənməyən şeylər var. İnsan gedir, redaksiya dəyişir, qəzet bağlanır, sayt yenilənir. Amma bir jurnalistin yaratdığı məktəb, formalaşdırdığı mövqe və cəmiyyətə dediyi söz qalır.
Əvəz Zeynallının ƏVƏZsizliyi də elə bundadır.
