İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Həzi Aslanov” metro stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hazırda təxminən 280 metrlik sahəni əhatə edən işlərin son mərhələsində tavan hissəsində izolyasiya, məhlulvurma və xüsusi boya işləri həyata keçirilir. Bundan əlavə, örtük tavası karbon lifli müasir inşaat materialı ilə əlavə möhkəmləndirilir.
Layihə çərçivəsində yan divarlar və döşəmədə təmir-bərpa və hamarlama işləri tamamlanıb, konstruksiyalar gücləndirilib, orta yolların arakəsmə divarları yenidən inşa edilib. Drenaj və kommunikasiya xətlərinin quraşdırılması da davam etdirilir.
Dalan yollarının ümumi uzunluğu 1000 metrə yaxındır. Dörd yoldan ibarət sahədə 6 yoldəyişdirici quraşdırılıb. Ərazidə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya və havalandırma sistemləri də yenilənir.
Məlumata görə, qatarların baxışı və dayanması üçün xüsusi körpücük də inşa olunur. Yağış mövsümündə ərazidə son ehtiyat tədbirlərinin görülməsi nəzərdə tutulur.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda başa çatdırılması planlaşdırılır. İşlər “Həzi Aslanov” stansiyasının və dalan infrastrukturunun dayanıqlılığının artırılması məqsədilə 2025–2030-cu illər üzrə Dövlət Proqramının tədbirlər planına əsasən həyata keçirilir.
