Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, YAP-ın Mətbuat Xidmətinin yaydığı açıqlamada Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayıldığı qeyd olunub.
Partiya bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə hörmət naminə indiyədək bu cür hallara təmkinlə yanaşılıb. Lakin son dövrlərdə Azərbaycana qarşı yönələn informasiya kampaniyasının daha sistemli və aqressiv xarakter alması açıq mövqe bildirməyi zəruri edib.
Açıqlamada Azərbaycan-İsrail münasibətlərinin təhrif olunması cəhdləri rədd edilib, Azərbaycanın Fələstin xalqının qanuni hüquqlarını dəstəklədiyi, bu ölkəyə maliyyə və humanitar yardım göstərdiyi vurğulanıb. Həmçinin Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq və BMT qətnamələri əsasında, iki dövlət prinsipi ilə həllini müdafiə etdiyi xatırladılıb.
YAP Azərbaycanın dünyəvi dövlət quruluşunun, dini etiqad azadlığının və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsini qəbuledilməz hesab edib. Partiya baş örtüyü kimi həssas məsələlərdən siyasi təzyiq və cəmiyyətdə bölücülük yaratmaq məqsədilə istifadə olunmasına qarşı çıxıb.
Açıqlamada Prezident İlham Əliyevə qarşı təhqir və böhtan xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində narazılıq doğurduğu bildirilib.
YAP Türkiyənin hakim partiyasını və yüksək vəzifəli şəxslərini Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa, məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb.
Partiya vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin əsasını təşkil etsə də, bu, bir dövlətin digərinin daxili işlərinə müdaxiləsi üçün əsas ola bilməz.
