İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda ölkənin neft-qaz və neft-kimya sənayesinin inkişaf perspektivləri müzakirə edilib.
Nazirlər Kabinetinin məlumatına görə, iclasda neft emalı və neft-kimya infrastrukturunun müasirləşdirilməsi, gələcək inkişaf istiqamətləri və cari iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdəki məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənilib. İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunan şəxslər müzakirələrdə iştirak edərək öz təkliflərini səsləndiriblər.
Daha sonra Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev cari məsələlərlə bağlı çıxış edib.
İclasın sonunda müvafiq qərarlar qəbul olunub, Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara tapşırıqlar verilib.
