İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, millət vəkili Dövlət Baxçalı Azərbaycan və digər Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin qorunmasının vacibliyini vurğulayıb.
O, mətbuata yazılı açıqlamasında Türk dövlətləri arasında münasibətlərə xələl gətirə biləcək fikir ayrılıqlarına və qarşıdurmalara yol verilməməli olduğunu bildirib.
Dövlət Baxçalının sözlərinə görə, Türkiyə və Azərbaycan Egeydən Xəzərə uzanan ortaq mənəvi coğrafiyanın iki güclü dövlətidir. O, iki ölkə arasındakı münasibətlərin siyasi proseslərdən daha geniş məna daşıdığını, tarixi, mədəni və qardaşlıq bağlarına söykəndiyini qeyd edib.
MHP sədri Türkiyə və Azərbaycan arasında mövcud olan əməkdaşlığın Türk Dövlətləri Təşkilatının fəaliyyətində də mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı anlaşma və ortaq mövqe əsasında hərəkət etmək iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Dövlət Baxçalı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində keçiriləcək görüşün iki ölkə arasındakı sarsılmaz qardaşlığı bir daha nümayiş etdirəcəyinə inandığını ifadə edib.
O, Türk dövlətlərinin suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığın dərinləşdirilməsinin, ortaq gələcəyin qurulmasının və Türk dünyasının yüksəlişinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.
